Yəqin ki, hər birimizə valideynlərimiz bu sualı lap kiçik yaşlarımızda vermişlər: “Məni nə qədər sevirsən?” Biz də əllərimizi aça bildiyimiz qədər geniş açıb, valideynlərimizə olan sonsuz məhəbbətimizi ifadə etməyə çalışmışıq.
Zamanla bizə verilən bu sual mahiyyətini dəyişməyə başlayır. Ömrümüzün elə mərhələsi gəlir çatır ki, artıq bizə valideynlərimiz bu sualı birbaşa vermirlər. Həyat özü bizə bu sualı verir. “Sən valideynlərini nə qədər çox sevirsən?” Artıq bizim vicdanımız qarşısında uşaqlıq dövrləmizdə olduğu kimi ancaq bər-bəzəkli sözlərlə cavab vermək imkanımız yoxdur. Bu ilk baxışda çox sadə görünən, amma həyatda üzləşdiyimiz ən ciddi suallardan birinə cavabımız elə yaşam tərzimizlə cavab veririk. Bax bu cavabımız nə qədər doğru, nə qədər valideynlərimizin bizdən gözləntilərinə uyğundursa, bir o qədər də biz xoşbəxtik deyə bilərik.
Valideyn haqqını anlamaq: qazanmaq yoxsa uduzmaq?
Bu mövzu insan yarandığı gündən bu günə qədər və bundan sonrakı bütün dövrlərdə aktual olacaqdır. Dövrümüzdə tənha atılan yaşlı insanların sayı durmadan artır. Xüsusilə, qərb ölkələri üçün xarakterik olan bu tendensiya çox təəssüf ki, bizlərdə də sürətlənməkdədir. İşin ən maraqlı tərəfi ondan ibarətdir ki, bu tendensiyaların güclü olduğu ölkələrdə intihar hallarına, şiddətə, eqoizmə daha çox rast gəlinir. Deməli, ilkin qənaət odur ki, valideyn haqlarına riayət olunmayan cəmiyyətlərdə fərdlərin mütləq xoşbəxtliyi antoqonist xarakterlidir.
Hər kəs tərəfindən qəbul edilən mütləq həqiqət vardır: həyatımızda son dərəcə həsasslıqla riayət etməli olduğumuz haqlardan biri də valideyn hüququdur. Əslində bu ancaq bizim bir borc olaraq yerinə yetirməli olduğumuz vəzifəmizlə yanaşı, xoşbəxtliyimiz üçün də çox ciddi və böyük bir amildir.
Tam məsuliyyətlə qeyd etmək olar ki, valideyn haqqına riayət etmədən, əksinə bu haqqı ayaqlar altına alan heç bir kəsin sözün əsl mənasında xoşbəxt olduğuna tarixdə rast gəlinməmişdir. Bu haqqı bu və ya digər bəhanələrlə inkar edən şəxs artıq demək ki, insanlıq sərhədlərindən çox aşağılara düşmüş, hətta heyvandan da şüursuz hala gəlmişdir.
Bəs valideynə göstərilməli olan hörmət və diqqətin kökündə nə durur? Bu suala bir çox mənbələrə istinad edərək cavab vermək mümkündür. İlk növbədə bizi yaradan Allahın Kitabı olan müqəddəs Qurani-Kərimdə valideyn haqqına riayət edilməsinin necə əhəmiyyətlə vurğulandığına diqqət edək.
Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman:14)
Çox maraqlı bir məqam vardır bu ayədə. “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” Allah Taala bizə onunla birlikdə valideynlərə də şükr etməyimizi əmr edir. Bəs bu əmrin hikməti nədir? Fikrimizcə, bunun açıqlaması bu formada ola bilər. Həyatda insanı heç bir təmənna olmadan sevən iki varlıq vardır: Allah və valideynlər. Hər iki varlıq insana olan sevgiləri qarşılıqsızdır, heç bir şeyin müqabilində deyildir, təmənnasızdır.
Valideynlər övladlarını xoşbəxt böyütmək üçün, onlara maddi-mənəvi bir çox nemətlər vermək üçün təmənnasız olaraq çalışırlar. Ana övladını dünyaya gətirmək üçün 9 ay öz bədəni ilə çox böyük çətinliklər çəkməyə razı olur. Onun dünyaya gəlməsi isə ana üçün çox böyük çətinliklər hesabına baş verir. “Biz insana ata-anasına yaxşılıq etməyi (valideynləri ilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur.” (46:15)
Müasir hesablamalar göstərir ki, insan bədəni 45 Del (ağrının ölçü vahidi) ağrıya tab gətirə bilər. Lakin, doğum zamanı qadın 57 Del ağrıya məruz qalır. Bu təqribən insan 20 sümüyünün eyni zamanda qırılmasından doğan ağrıya bərabərdir. Ancaq doğum prosesində belə öz həyatını bu qədər təhlükəyə atan, bu səviyyədə ağrı çəkməyə razı olan insanı bunlara təhrik edən yeganə amil Allahın anaların fitrətinə qoyduğu mərhəmət və şəfqətdir. Bu təmənnasız şəfqət və mərhəmətə biganə qalmaq, əksinə valideyn haqqını tapdalamaq insanın bədbəxtliyinin ən bariz nişanəsidir. Bu şəfqət və mərhəməti hər hansı bir bəhanə ilə yox saymaq, bu addıma hansısa bir səbəblə haqq qazandırmaq insanın həyatı uduzduğunun, bədbəxtliyinin bir başqa sözlə etirafıdır.
Valideyn haqqına riayətin kökündə bəs nə durur?
İnsanın Yaradan qarşısında borcu. Yaradan bizlərin dünyaya gəlməmizə valideynlərimizi vasitəçi etmişdir. Eyni zamanda onlara daim yaxşılıq etməyi bizlərə əmr etmişdir. Bu ilahi əmri yerinə yetirmək deməli bizim Allah qarşısında borcumuzdur. Bu borcun aktuallığı heç bir zaman azala bilməz. Bütün zamanlar üçün aktual xarakter kəsb edir.
İnsanın həyatda şəxsi xoşbəxtliyi
Valideyn haqlarını bilmədən, bu haqqı yerinə yetirmədən insan xoşbəxt ola bilməz. Valideyn sevgisinə, şəfqətinə etinasız qalmaq kimi çox böyük səhvə yol vermiş şəxs həyatının digər sahələrində səhv etməsi mütləqdir. Bu qədər səhvlər girdabına düşmüş insanın özünə “xoşbəxtəm” deməsi, əlbəttə ki, özünü aldatmaqdan başqa bir şey deyildir. Valideyn haqqına riayət edə bilməyən insan qeyd edilən məsələlərdə də doğru addımlar atmaq iqtidarında ola bilməz.
Öz ailəsi qarşısında məsuliyyəti. Valideyn sevgisinə etinasız qalan, onlara hörmətsiz davranan insanın həyat yoldaşının sevgisinə adekvat reaksiya verməsi, sözün əsl mənasında ailəsinin dəstəyi, dostu, sirdaşı, ən çətin anlarda dəstəyi olacağı inandırıcı deyildir. Valideyn mərhəmətinə, şəfqətinə etinasız şəxs ailəsinin ona verilmiş ən böyük əmanətə sadiq qala bilməz, onu qorumağa həyatını belə verməyi bacarmaz. Valideyn haqqını bilməyən insan öz övladlarına da bu xüsusda heç bir normal tərbiyə verə bilməz. Deməli, valideyn hüququna hörmətsiz yanaşan şəxs gələcəkdə özünə hörmətsiz övlad yetişdirməklə bərabər, öz övladının bədbəxtliyi üçün böyük zəmin formalaşdırmış olur.
Cəmiyyət qarşısında məsuliyyəti
Valideyn hüquqlarını qorumayan şəxsin cəmiyyətdə tutduğu hər hansı bir statusda məsuliyyətli fərd olacağı real deyildir. Bu və ya digər istiqamətdə uğur əldə etsə də, uğur dayanıqlı və keyfiyyətli ola bilməz. Eyni zamanda unutmaq olmaz ki, ailə kiçik dövlətdir. Cəmiyyətin xoşbəxtliyi, dövlətçiliyin möhkəmliyi ailə institutunun möhkəmliyindən, xoşbəxtliyindən asılıdır. Ailə ali dəyərlərin qorunduğu, onların gələcək nəsillərə ötürüldüyü bir “məkan”dır. Bu institutun dağılması, dəyərlərin aşınmasına, cəmiyyətin sağlamlığının əsas təməllərinin zəifləməsinə gətirib çıxara bilər.
Əhməd Abdullah, ZAMAN