Xəyalda dünya qurmaq insanın həmişə sevdiyi əyləncədir. Bəzən elə olur ki, illər boyu səninlə divarın o üzündəki qonşunun gerçək üzünü tanımırsan, onun kim olduğunu öyrənmək istəmirsən, dərdinə-sərinə vaqif olmağı ağlından keçirmirsən. Ancaq ömrün hansısa döngəsində qarşılaşdığın bir epizod həyatında hər şeyi dəyişir.
Canlı ünsiyyətdən qaçan insan həmişə saxta xəyallarla yaşamalı olur. Belələrinin yaşadığı mühitdə anlaşma olmur, insanlar uzlaşa bilmirlər. Hamı danışır, ancaq bir-birini eşidən, bir-birini dinləyən yoxdur. Orada dialoq olmur, orada ayrı-ayrı monoloqlar olur.
Hörmətli yazıçımız Anarın gənclik illərində yazdığı bir hekayə var: “Sən, mən, o və telefon”. Hekayə çox maraqlı bir “priyom” üzərində qurulub. Gecə vaxtı şəhərdə gəzən gənclər sonuncu subay dostlarını evləndirmək üçün telefonla qız axtarırlar və hərə bir rəqəm deyir. Alınmış telefon nömrəsinə bir qadın cavab verir və bununla da subay dostun həyatında hər şey dəyişir.
Növbəti gecələrdə də həmin telefon söhbətləri təkrarlanır və get-gedə vərdişə çevrilir. Və günlərin bir günü məlum olur ki, hər gecə telefonun dəstəyini qaldıran xanım heç də uzaqda deyil, qəhrəmanın hər gün rastlaşdığı iş yoldaşlarından biridir. Yəni gündüz iş yoldaşı, axşam telefon müsahibi. Zahirən heç bir cəhəti ilə fərqlənməyən, hamı kimi sıravi, adi insan təsiri bağışlayan bu xanım telefonda tamamilə fərqli olur, danışdığı həyat hekayəsi ilə qəhrəmanın rəğbətini də qazanır, sevgisini də. Və məlum uğurlu sonluq…
Əslində çoxumuz beləyik, bir-birimizin qəlbinə, duyğularına, hansı hisslərlə yaşadığına baxmaq istəmirik ki, kim olduğunu da tanıya bilək. Əgər bir-birimizi yaxşı tanıya bilsəydik, inanıram ki, nə bu qədər laqeyd olardıq, nə də bu qədər sentimental. İnternet isə “özünütəqdimin” yeni variantlarını ortaya çıxardı. Və beləcə “özünüreklam” vasitəsinə çevrildi.
Özünə yaxşı iş tapmaq istəyən hər gəncin qarşısına qoyulan iki ən populyar şərtdən biri ingilis dili, o biri isə kompyuterdir. Çünki dünyanın əksər məlumatları ingilis dilindəki veb-saytlardadır. Bir vaxtlar dünya iki qütbə bölünmüşdü və tərəflər göy üzünü, ulduzları bölüşürdülər. Yəqin ki, “ulduz müharibələri” ifadəsi çoxlarının yaddaşından silinməyib. İndi isə hər cür qarşıdurma, müharibə göydən endirilib, kompyuterə yerləşdirilib. Hətta ölkələrarası müharibələr də kompyuter üzərindən aparılır. Hər kəsin üzünə açıq, hər kəsin müdaxilə edə biləcəyi bu “meydan” özünə bağladığı insanları xəstəyə çevirir, onların rahatlığını, müstəqilliyini əlindən alır. “Vaxt itirənləri” də, “vaxt qazananları” da monitorun qarşısında tapa bilərsən. Artıq çoxları üçün mədəniyyət də, mənəviyyat da, milliləşmədə, qloballaşma da internetdir. İnternet belələri üçün həyatın kiçik bir hissəsi deyil, böyük bir hissəsidir. Etiraf edək ki, gününü internet qarşında keçirən bir gəncin tədricən öz dəyərlərinə yadlaşmaq ehtimalı da çox yüksəkdir.
İnternet artıq gənclər arasında xəstəliyə çevrilib. Gecəni səhərə qədər monitor qarşısında keçirən gənc səhər nə vaxtlı-vaxtında dərsə gedə bilir, nə də vaxtlı-vaxtında iş görə bilir. Əksər hallarda “internet xəstələri” qaraqabaq olurlar, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər, hisslərini qarşı tərəfə təbii ünsiyyət vasitəsi ilə yox, süni klaviatura vasitəsi ilə çatdıra bilirlər.
İnternet asılılığı hətta insanın xarakterini də dəyişir. Bütün günü gecə boyu qarşı tərəflə apardığı dialoqlar haqqında düşünür. Özünü ən gözəl şəkildə təqdim etmək üçün yollar axtarır. Adlar saxta, vədlər yalan, söhbətlərin əksəriyyəti həqiqətdən uzaq… Və belə bir atmosferdə sən ünsiyyət qurursan, hətta bu ünsiyyət günbəgün güclənərək vərdişə çevrilir, onun cazibəsindən qurtara bilmirsən. Bu asılılıq o qədər şiddətlənir ki, artıq bütün məqsədlərini, niyyətlərini, işlərini ona görə tənzimləməli olursan.
Əyləncələrlə vaxt öldürməkdə internetin əvəzi yoxdur. Oyunlar o qədər maraqlı, o qədər cəlbedici olur ki, monitor qarşısındakı gənc saatların necə keçdiyindən xəbər tutmur, aclıq “güc gəlməsinə” baxmayaraq qalxıb bir tikə çörək yeyə bilmir. Bu asılılıq insanı bir növ qətiyyətsizləşdirir, iradəsizləşdirir. Anasının xahişi ilə həyətə düşüb çörək almağa “ərinən” gənc bəzən on saatını fasiləsiz olaraq bu oyunlarla keçirir. Bu, fəlakətdir, faciədir. Həm də təkcə qayğısız gənclər deyil, ailəli insanlar da bu əyləncəyə elə uyurlar ki, onlardan qayğı, nəvaziş uman ailələrini unudurlar. Bəzən bu oyunlar o qədər cazibəli olur ki, ana uşağını belə yaddan çıxarır.
Bu yaxınlarda Yaponiya məhkəmələrindən birində dəhşətli bir cinayət işi araşdırılırdı. Müttəhimlər kürsüsündə gənc bir ana əyləşmişdi. O ana günlərlə davam edən oyundan ayrılmamış və öz körpəsini ac qoyaraq ölümün ağuşuna atmışdı. Həm də işin qəribə tərəfi o idi ki, həmin ana internetdə ana-uşaq oyunu oynayırmış…
Çox qəribədir, bəzən insan öz gözü qarşısındakı bir gözəlliyi görə bilmir, ancaq süni, saxta təqdimatlarla təsəvvür etdiyi bir “gözəlliyə” asanlıqla bağlanır. Odur ki, artıq dünyada internet tanışlığı ilə başlayan evliliklərin sayı günbəgün artmaqdadır. Dədə-baba dili ilə desək, artıq qız bəyənmək üçün bulaq başına getməyə də ehtiyac yoxdur, elə o bulaq başı da internetdədir. Ancaq bir həqiqət də var ki, internetdə tanış olub sonradan üz-üzə gələn insanların əksəriyyəti təsəvvürlərində yanıldıqlarını etiraf edirlər. Bu yanılma təqdim edənin özünü məharətlə gizləyə bilməsi ilə bağlıdır, yoxsa qarşı tərəfin vəziyyəti düzgün analiz edə bilməməsi ilə, bu da tamam başqa bir söhbətin mövzusudur.
İnsan yaradılış etibarı ilə ictimai varlıqdır. Yəni, insan həmişə canlı təmasda olmalı, kiminləsə danışmalı, kiminləsə söhbət etməli, almalı, verməli, əl uzatmalı, kömək gözləməlidir. İnternet insanı bütün bu saydıqlarımızdan məhrum edir. İnsan həyəcandan titrəyərək sevgisini açıqlayanda gözəldir. Və ya insan olduğu kimi görünəndə gözəldir. İnsanın dəyəri cəmiyyətdə, insanların arasında başqaları ilə müqayisədə daha aydın görünür. İnsan vaxtını monitor arxasında “öldürməkdənsə”, daha səmərəli bir işlə məşğul olsa, yaxşıdır. Əlin heç bir işə yatmasa da, durub küçəyə, bacaya çıxmalısan ki, bəlkə köməyə ehtiyacı olan birinin qolundan yapışasan, ya da hansısa yad bir adama axtardığı ünvanı göstərəsən. Niyyətin bu isitqamətdə olmalıdır. Əsl insanlıq – insanlardan qaçmaq deyil, həmişə cəmiyyət içində olmaq, başqalarının işinə yaramaq, onlara doğru yolu göstəmək, xeyir verməyə çalışmaqdır. İnternet vərdişi isə insanı təcridə sürükləyir, cəmiyyətdən, insanlardan soyudur, davranış qaydalarını, sevgini, səmimiyyəti unutdurur.
Yazının əvvəlində demişdik ki, internet artıq həyatın qaçılmaz şərtlərindən biridir. Tam əminliklə demək olar ki, bundan sonra bütün münaqişələr, bütün işğallar kompyuter vasitəsilə həyata keçiriləcək. Ona görə də, bu texnologiyadan kənarda qalmaq zamandan, dünyadan geri qalmaqdır. Ancaq bu məsələdə bir məqamı nəzərdən qaçırmaq olmaz ki, sahilsiz dərya kimi görünən bu aləmdə hər kəs öz gələcəyinin qayğısına qalmalı, o dəryaya dalan hər gəncin axşam xətasız-bəlasız “öz sahilinə” qayıtmasına ciddi nəzarət etməlidir. Bu narahatlıq heç də əsassız deyil. Çünki internet yolu ilə öz dəyərlərindən uzaqlaşmış “nümunələr” kifayət qədər çoxdur.
Gələcəyi düşünmək üçün ən gözəl yol sağlam nəsillər yetişdirməkdir. O nəsilləri ehtiyac duyduqları biliklərlə təmin etməkdir. Yəni, biz internetdən kənarda qalmamalı, onun imkanlarından ən yaxşı şəkildə istifadə etməliyik. Əslinə qalanda ağlı başında olan, haqqı nahaqdan ayırmağı bacaran iki gəncin internetdə tanış olub, sonra da evlənmələri artıq qəribə hal hesab olunmur. Biz artıq bu cür hallara da hazır olmalıyıq. Əmin olun ki, monitor qapısından girib o dəryada yelkən açan gənc əgər güclüdürsə, kökünə, dəyərlərinə bağlıdırsa, heç vaxt məğlub olmayacaq, ala-bəzək gözəlliklərə əsir düşməyəcək, dənizə çıxan balıqçi kimi hər axşam öz evinə qayıdacaq. Yox, əgər o gənc zəifdirsə, kökünə, dəyərlərinə bağlı deyilsə, bir gün kimlərəsə əsir düşəcək və cismən yanımızda olsa da, ruhən uzaqlarda olacaq. Bir sözlə, ağıllı olmaq açılmış qapını bağlamaq deyil, o qapıdan keçəndən sonra başımıza nə gələcəyini hesablayıb tədbir görməkdir.
Mənbə: “Ailəm” jurnalı