Evimizin iki addımlığında gözəl qızların çalışdığı tikiş sexi vardı. O sexin dəmir çərçivəli pəncərəsinə dırmaşıb içəri boylanardıq.
İndi adam özünü lağa qoya, pəncərədən asılıb qalmasına gülə bilər, amma o yaşda – on-on iki yaşda biz sevirdik. Hər uşağın öz istəklisi vardı, pəncərəyə dırmaşanda yalnız bir qıza baxardı. Sexdəki qızlar da (bizdən çox böyük qızlar) pəncərəyə dırmaşan uşağın kimə boylandığını bilərdi – o uşağa yalnız bir qız əl eləyər, bir qız gülüş yollardı.
Sexdə iş qurtaranda yasa batardıq. İstəklimiz xəstələnib işə çıxmayanda darıxardıq.
Sonra o qızlar bir-bir ərə getdilər. Pəncərədən düşəsi olduq.
Sexdəki qız hərdən qarşıma çıxardı. O məni (pəncərədə asılı qalan uşağı) tanımazdı, bilməzdi içim gizildəyir…
***
7-də oxuyanda paralel sinifdəki qıza vuruldum. Ürəyim yerindən çıxırdı. Yaşım artsa da, sex pəncərəsində bitən uşaq kimi aciz qalmışdım – qızın dərs cədvəlini əzbərləyib hər tənəffüs dalınca süründüm, amma salam verməyə də cəsarət eləmədim.
Sonra o qız bizim məktəbdən ayrıldı.
Hərdən qarşılaşardıq. Köhnə məktəb yoldaşını tanıyardı, amma bilməzdi ki, ürəyim əsir…
***
Qonşuya Zərdabdan bir qız gəlmişdi. Mən dərinə gedən kimi gülüb “Səndən iki yaş böyüyəm” deyərdi.
Sonra daha bizim elə gəlmədi. Xəritədə Şuşadan Zərdaba nə qədər yol olduğunu ölçərdim xiffətdən…
***
Uşaqların az qala hamısının dəli-divanə olduğu yuxarı sinifləri çox rahat keçirirdim. Sevgidən solan sinif uşaqlarını lağa qoyur, “peşə tapıblar” deyirdim.
Bu qəddarlığın cəzasını 10-cu sinfin axırlarında çəkdim. Hamının divanəliyi yalan oldu.
Sonra evlərinə gedən cığır o qızı qoparıb apardı. Al qan içində qaldım.
İndi o cığırların da həsrətini çəkirəm…
***
Bir kimsənin barmağından tutmamışdım sən ömrümə gələndə. Yaralı canıma gəlib çıxmışdın amma, məni nakam sevginin əlindən almaq üçün vuruşdun. Buna dözdün.
Nəyə dözmədin ki…
Mən sevgilərə çox ağlamışam, amma mənə yalnız sən ağlamısan, səndən başqa bir kimsəm olmayıb. Bunu bütün sevgilərin əlindən alınmış canımın ağrısından bilirəm.
Mən qadına ömrüm boyu pəncərədən boylanan uşaq kimi baxdım.
O uşağın qədrini yalnız bir qadın bildi.
O qadın sənsən, ömrümdəki qadın.