Rusiya vətəndaşlığını qəbul edənlərin Azərbaycan vəsiqələri qanunsuzdur

0
56

Qeyri-rəsmi məlumatlara görə, hazırda 3 milyondan artıq soydaşımız Rusiyada yaşayır. Onların əksəriyyəti bu ölkədə uzunmüddətli yaşadığından vətəndaşlığını da qəbul ediblər. Məlum olduğu kimi, Rusiya vətəndaşı olan soydaşlarımızın bu ölkədə iş görmələri üçün daha rahat şərait yaradılır. Bundan başqa, Rusiyada əməkhaqqı, pensiya yüksək olduğundan, çoxuşaqlı ailələrə yüksək məbləğdə müavinət verildiyindən də soydaşlarımız bu ölkənin vətəndaşlığını qəbul etməkdə maraqlı görünürlər. Əslində, ilk baxışda burada qeyri-adi heç nə yoxdur, amma bir problemli məqam var ki, deyəsən, yaxın vaxtlarda buna da bir əncam çəkiləcək. Söhbət ikili vətəndaşlığı olan soydaşlarımızdan gedir. Belə ki, Rusiya köçdükdən sonra oranın vətəndaşlığını qəbul edən soydaşlarımız qanunvericiliyin tələbinə görə, bu barədə ölkəmizə məlumat verməlidirlər. Amma vətəndaşlar öz rahatlıqları baxımından bunu etmirlər. Belə ki, onlar Rusiya pasportu ilə ölkəmizə gəldikdən sonra onu gizlədir və Azərbaycan pasportu ilə müəyyən işlər görürlər. Bu isə qanunsuzdur. Bəzi iddialara görə, hətta həmin sənədlərlə banklardan kredit götürənlər də var. Ən böyük problemlərdən biri də ev, maşın alğı-satqısı zamanı baş verir.

Oradakıların əziyyətini buradakılar çəkir

Adının çəkilməsini istəməyən vəkillərdən birinin qəzetimizə verdiyi məlumata görə, bu yaxınlarda Bakıda ev almış vətəndaşlardan biri qeydiyyat problemi ilə bağlı məhkəməyə müraciət edib və maraqlı məqamlar ortaya çıxıb. Belə ki, ikili vətəndaşlığı olan soydaşlarımızdan biri Azərbaycana gəlmədən – Rusiyadan göndərdiyi etibarnamə əsasında evini satıb. Evi alan şəxs müəyyənləşdirib ki, Rusiyadan etibarnamə göndərən şəxs həm də burada qeydiyyatdadır. Məlumdur ki, burada qanunsuzluq olub. Odur ki, evi aldıqdan 7 ay sonra məhkəməyə müraciət edərək, həmin şəxsi qeydiyyatdan çıxarmalı olub: “Qəribədir deyilmi, Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa “yox” deyir. Ev Rusiyadan göndərilmiş etibarnamə əsasında satılıb və etibarnamədə də göstərilib ki, həmin şəxs Rusiya vətəndaşıdır. Amma həmin şəxs həm də Azərbaycan vətəndaşıdır. Evi alan şəxs bunu görə-görə, bilə-bilə iş-gücünü atıb, məhkəmələrə müraciət etməli olub. Təbii, deyə bilərsiniz ki, evi satan özü niyə qeydiyyatdan çıxmaq istəmir. Amma məsələ burasındadır ki, onlar əvvəl “hə” desələr də, sonrada ötür-ötürlə vaxtı uzatmağa çalışırlar. Məsələ lap qəlizləşəndə isə deyirlər ki, qeydiyyatdan çıxsaq, Azərbaycana təzədən qeydiyyata düşməyimiz problem olacaq. Ona görə də, bu vəziyyətlə üzləşən şəxslər haqlı olaraq belələrini məhkəməyə verib qeydiyyatdan çıxarırlar. Mən sizə ən çox yaşanan problemlərdən sadəcə birini danışdım, amma başqa problemlər də kifayət qədərdir. Yaxşı olardı ki, bu məsələyə birdəfəlik son qoyulaydı. Çünki, bu çox ciddi məsələdir. İnsanlar boş yerə əziyyət çəkirlər”.

“Bu, qanun pozuntusudur və hər bir şəxs buna görə məsuliyyət daşıyır”

Dövlət Miqrasiya Xidmətinin sədr müavini Pərviz Musayev bu fikirdədir ki, bəzi vətəndaşlar ikili vətəndaşlıqdan imtina etmədikcə həm də özləri problemlərlə üzləşəcəklər. Onun sözlərinə görə, Rusiyada yaşayaraq oranın vətəndaşlığını qəbul edən şəxslər seçim etməlidirlər: “Əgər o şəxslər Azərbaycan Respublikasının vətəndaşıdırlarsa, bizim vətəndaşımız kimi hərəkət etməlidirlər. Yox əgər Rusiya Respublikasının vətəndaşlarıdırsa, onlar müraciət etməlidirlər və Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməlidirlər. Yəni  qanunvericilik bu cür tələb edir. Bunu da həmin adamlar istəmirlər, ona görə də, müəyyən problemlər yaşanır. Problem olan məsələ budur”.

Dövlət Miqrasiya Xidmətinin sədr müavininin dediyinə görə, ikili vətəndaşlığı olanlar tələb belədir ki, hansı ölkənin pasportu ilə ölkəmizə daxil olurlarsa, həmin pasportla da ölkəni tərk etməlidirlər: “Lakin bizim vətəndaşlarımız buna əməl etmədikləri üçün bu problemlər yaşanır. Əlbəttə, bu, kobud qanun pozuntusudur və hər bir şəxs buna görə məsuliyyət daşıyır”.

Əcnəbilər üçün güzəşt

Pərviz Musayev onu da bildirib ki, “Miqrasiya Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, artıq əcnəbilərin Azərbaycanda 90 gün qaldıqdan sonra sərhəddən giriş-çıxış edərək ölkəyə qayıtması qanunvercilikdən çıxarılır: “Lap əvvəllər belə idi ki, 90 gün Azərbaycan ərazisində qalan şəxslər buranı tərk etdikdən sonra 30 gün öz ölkəsində qalıb Azərbaycan Respublikasına qayıda bilərdi. Biz onu ləğv elədik, asanlaşdırdıq ki, əcnəbilər narahatlıq çəkməsinlər. 90 günlük ölkəmizə gələn adam öz məqsədindən asılı olaraq, Azərbaycan Respublikasında qalmaq istəyirsə, ondan ötrü müvəqqəti yaşama icazəsi almalıdır və bundan ötrü müraciət etməlidir. Əgər 30 gün, 60 gün artıq qalmaq istəyirsə, qanunvericilikdə nəzərdə tutulmuş əsasları mövcuddursa, müraciət eləyir və mən hesab edirəm ki, bu məsələlərdə heç bir problem yoxdur”.

Onun sözlərinə görə, hazırda Dövlət Sərhəd Xidmətində Miqrasiya Xidmətinin fəaliyyəti bərpa olunub və 8 regional şöbəsi fəaliyyət göstərir.

Nicat Intiqam