İşdən yorğun-arğın gəlirsiniz. Uşaqların səs-küyü başınıza düşür. Məcbur olub “xəbərdarlıq edirsiniz”. Bayaqdan bəri deyib-gülən uşaqlar evin bir küncünə qısılırlar. Siz isə onların qəlbini qırdığınız üçün peşman olursunuz…
İndi də əksini təsəvvür edək: Qapıdan girirsiniz və uşaqlar “Atam gəldi” deyərək qucağınıza atılırlar. Görüşürsünüz, öpüşürsünüz, gülə-gülə otağa keçib masa arxasında əyləşirsiniz. Uşaqlar sizin gəlişinizdən sevinirlər. O qədər sevinirlər ki, bilmirlər nə etsinlər. Biri boynunuza çıxır, biri qoltuğunuza girir. Lap böyüyü isə çantasını açıb dəftərini göstərir. Zarafat deyil, müəllim bu gün onun dəftərinə ən tərifli sözləri yazıb. Sizin axşam evə gəlişiniz onlar üçün bayramdır. Və bu bayram hər gün təkrar olduğu üçün nə siz, nə də uşaqlar doymaq bilirsiniz. Qızınızın dəftərinə qırmızı qələmlə yazılmış o sözləri ucadan oxuyub: “Maşallah, mənim qızım çox ağıllıdır” deyirsiniz. Elə bil dünyanı ona verirsiniz. Mükafat olaraq da üzündən öpürsünüz. Və o, öz gücünə inanır və daha həvəslə oxumağa başlayır…
Səhər duranda ailədə hər kəsin bir-biri ilə salamlaşması və bir-birinə təbəssümlə baxması inanın ki, hər cür vitamindən, mineraldan xeyirlidir. Tibb elmi də sübut edir ki, əksər xəstəliklərin kökündə stress, gərginlik və pessimizm dayanır. Bu halları evinizin qapısından içəri buraxmasanız, əmin olun ki, özünüz də, uşaqlarınız da sağlam olarsınız. Hər dəfə içəri girəndə təbəssümlə salam verməyi, hər səhər yuxudan oyananda təbəssümlə “sabahın xeyir” deməyi, ailə üzvlərinin uğuruna sevinməyi, onları təbrik etməyi bir növ qanuna çevirmək lazımdır.
Ümumiyyətlə, gülər üzlü və ya şirin sözlü olmaq dinimizdə çox yüksək qiymətləndirilir. Hətta bunların sədəqə yerinə keçdiyi də bildirilir. Deməli, qarşısındakına təbəssümlə baxmaq, xoş söz demək həm də savabdır.
İnsan var ki, üzünə baxanda adamın ürəyi sıxılır, insan da var ki, üzünə baxanda adamın ürəyi açılır. Bilirsən ki, o adam kiməsə yaxşılıq etməyə, kiminsə yarasına məlhəm olmağa, kiminsə qolundan tutmağa hazırdır. Yeri gəlmişkən, bir hadisəni danışaq: “Bir molla namazdan əvvəl məscidə toplaşanlara xütbə oxuyur. Bir də görür ki, həmin kəndin (və ya şəhərin) başçısı da camaatın arasındadır. Onu görən kimi üslubunu dəyişir və başlayır çox sərt sözlər deməyə. Həmin rəhbər anlayır ki, molla bütün bu tikanlı sözləri ona ünvanlayır. Bir gözləyir, iki gözləyir, üç gözləyir. Axırda görür ki, yox, balam, bu molla heç yumşalana oxşamır. Əlini qaldırıb söz istəyir, molla da deyir ki, buyur. Həmin şəxs belə deyir: “Ay molla, nə mən firondan daha qəddaram, nə sən də Həzrəti Musadan daha üstünsən. Allah (c.c.) Hz. Musanı fironun üstünə göndərəndə buyurdu ki, ona xoş sözlər desin. Bəlkə firon Musanın o xoş sözləri ilə islah oldu. İndi sən də məni görən kimi ağzından od tökürsən. Sənin bu danışığından nə sənə xeyir var, nə də mənə. Ona görə də, bu xeyirsiz söhbəti nə qədər tez qurtarsaq, bir o qədər yaxşıdır”…
Dilinizdən şirin söz, çöhrənizdən gülər üz əskik etməyin. Bu iki neməti ailənizin həyat tərzinə çevirin. İnanın, çox şey qazanacaqsınız…
MƏNBƏ: “AİLƏM” JURNALI.