Bakının Nizami rayonu ərazisində cüzi miqdarda pul ağır cinayətə səbəb olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, iki gün əvvəl 8-ci kilometr bazarı yaxınlığında 27 yaşlı Zərdab sakini Nicat Abdullayev bıçaqlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat Abdullayevi bıçaqlayan 20 yaşlı Bakı şəhər sakini Hüseyn Babayev tutulub. H. Babayev ifadəsində bildirib ki, dönərxanada işləyən Nicata 10 manat borcu olub. Hadisə baş verən gün həmin borca görə mübahisələri düşüb. Cibindəki bıçaqla onun qarnından vurub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.