Özünü düşünmək…

0
57

***

Bir səyyah başqa bir səyyah yoldaşı ilə Himalay dağlarının yüksəklərindəki bir keçiddən keçirdilər. Bu vaxt qar üzərində halsız yatan bir adamla qarşılaşdılar. Səyyah adama kömək etmək istədi. Ancaq yanındakı yoldaşı etiraz etdi. Və hələ üstəlik:
– Ona kömək etsək, özümüz də ölərik, – dedi…
Ancaq səyyah bu adamı qarın, buzun içində qoyub getməyə razı olmadı. Yoldaşı uzaqlaşandan sonra adamı kürəyinə aldı. Çox çətin də olsa, adamı aparmaqda davam edirdi. Bu vaxt səyyahın bədənindən yüksələn hərarət adamın bədənini isitdi və çox keçməmiş adam özünə gəldi. Artıq bir azdan ikisi də yan-yana getməyə başlamışdılar. Yoldaşlarına çatanda isə onun öldüyünü gördülər. Çünki soyuqdan donmuşdu…

***

Qeyri-adi “zarafat”

“General Elektrik” şirkətində çox geniş yayılmış bir zarafat var idi. Şirkətə yeni bir işçi qəbul edəndə o işçiyə ağ işıq yayan bir lampa düzəltməyi şərt qoyurdular. Təbii ki, şirkətin işçiləri belə bir lampanı düzəltmək mümkün olmadığını bilirdilər. Ancaq yenə də yeni gələn işçi laboratoriyada sırf bu işə vaxt itirsin deyə və sonra da ağ bayraq qaldırsın deyə, zarafatlarından qalmırdılar. Yeni işçilər isə belə bir lampanı düzəltmək mümkün olmadığını bilmir və böyük bir həvəslə işə girişirdilər. Ancaq apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə insan fitrətinə uyğun olaraq “Mən bacarmaram!” yolunu seçir və təcrübələrinə son qoyurdular. Ancaq bu işçilərdən yalnız biri, yəni Marvin Pipkin “Mən bacarmaram!” yolu əvəzinə “Mən bacararam!” yolunu seçdi və gecəsini gündüzünə qataraq ağ işıq yayan məşhur fluoressent lampasını kəşf etdi. Yəqin ki, şərhə ehtiyac yoxdur…

***

Həyəcan və qorxunun fərqi

Gənc bir qaçış idmançısı yarışdan əvvəl çox həyəcanlı idi. Buna görə də, məşqçisinə çox qorxduğunu dedi. Məşqçisi isə ona: “Sən qorxmursan, sadəcə olaraq həyəcanlanırsan. Bu ikisinin arasında çox fərq var”, – deyə cavab verdi. Sonra da bu “hadisəni” danışdı: “Bir nəfər cibində 100 dollar bir yeməkxanaya girir və 100 dollarlıq yemək sifariş verir. Bu adam həyəcanlanır. Çünki çox bahalı bir yemək yeyəcək, ancaq cibində 100 dollar var. İndi isə qorxuya gələk. Bir nəfər cibində 1 dollar bir yeməkxanaya girir və 100 dollarlıq yemək sifariş verir. Bu adam qorxur. Çünki çox bahalı bir yemək yeyəcək, ancaq cibində 100 dollar yoxdur”…
Bu sözlərdən sonra qaçış idmançısı meydançaya çıxdı və birinci oldu…

***

Napoleonun “müharibəsi”

Hərbi məktəbdə yoldaşları Napoleon Bonaparta boyu qısa olduğu üçün həmişə söz atır və:
– Sən ata minənə qədər müharibə qurtarar! – deyirdilər.
Napoleonın cavabı isə həmişə hazır idi:
– Mən müharibə başlayanda ata minməyəcəyəm. Mən ata minəndə müharibə başlayacaq!..

Napaleon
Napaleon

 

Mənbə: “Ailəm” jurnalı.